Koreya respublikasının ölkəmizdəki Səfirliyi Bakıda Koreya Dövlətinin Yaranmasının 4354-cü, eyni zamanda Koreya Silahlı Qüvvələr Gününün 74-cü ildönümünə həsr olunmuş təntənəli qəbul keçirib.
Hafta.az-ın yazdığına görə, Koreya Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin də qeyd olunduğu bu əlamətdar tədbirdə dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən Koreya respublikasının ölkəmizdəki səfiri cənab Li İn-yonq bildiirb ki, Koreya ilə Azərbaycan arasında çoxlu ortaq cəhət mövcuddur,, hər iki ölkə öz tarixi ərzində bir çox çətinliklə üzləşib. Bununla belə, hər iki xalq öz xüsusi milli və mədəni kimliklərini qoruyub saxlaya bilib. Qarşılaşdıqları çətinliklərə baxmayaraq, öz xəzinələrini - mədəni kimliklərini qoruyaraq, millət olaraq daha da inkişaf ediblər.
Səfir deyib ki, ölkələrimiz məhz bu ortaq cəhətlər əsasında 1992-ci ildə diplomatik münasibətlər qurulub və sonrakı illərdə Koreya ilə Azərbaycan, müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməkdə davam ediblər. “Koreya Prezidenti Ro Mu Hyun-un 2006-cı il Azərbaycana və prezident İlham Əliyevin 2007-ci il Koreyaya səfərindən sonra ölkələrimiz arasında yüksək rütbəli dövlət rəsmilərinin artan səfərləri məhsuldar nəticələr verib. Bu ilin iyul ayında xarici işlər nazirinin müavini Elnur Məmmədov, siyasi məsləhətləşmələrin dördüncü raundunda iştirak etmək üçün Koreya Respublikasına səfər edib. Bu səfər fikir mübadiləsi və qarşılıqlı öyrənmə üçün əla şans olub”, - deyib cənab Li İn-yong.

Avqust ayında Koreya Respublikası Prezidentinin xüsusi nümayəndəsi So Byonq Sunun praktiki əməkdaşlığın istiqamətlərini müzakirə etmək üçün Azərbaycana səfər etdiyini xatırladan diplomat bildirib ki, cənab Sunun Bakıya səfəri ölkələrarası münasibətlərdə gələcəyə baxış formalaşdırmaq üçün dəyərli imkan yaradıb.
“İqtisadi sahədə ölkələrimiz arasında əməkdaşlıq yalnız enerji və infrastruktur layihələri ilə məhdudlaşmır. Bu əməkdaşlıq, bərpa olunan enerji, ağıllı şəhər layihələri kimi qeyri-neft sənaye sahələrinə doğru genişlənir. Bu yeni imkanlar, şübhəsiz ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi siyasətinin inkişafında töhvə verəcək” deyən səfir qeyd edib ki, son zamanlar, koreyalılar, “Odlar Yurdu” Azərbaycana daha çox maraq göstərirlər.

“Biz çox şadıq ki, K-pop və Koreya serialları meylini izləməklə Koreya dilini öyrənən və Koreya mədəniyyətindən zövq alan azərbaycanlıların sayı getdikcə artır” deyən diplomat onu da bildirib ki, bu il Koreyanın Azərbaycandakı Səfirliyi diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyini qeyd etmək üçün bir sıra tədbirlər keçirib.
Sonda səfir deyib ki, Koreya hökuməti Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin davamlı inkişafı üçün ürəkdən səy göstərməyə davam edəcək.

Azərbaycan dövləti adından çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov qeyd edib ki, Cənubi Koreya ilə Azərbaycan arasında münasibətlər hörmət və etimada əsaslanır. O bildirib ki, 2021-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 228 milyon dollar təşkil edib: "Azərbaycanda 77 Koreya şirkəti fəaliyyət göstərir. Biz təhsil sahəsində də əməkdaşlıq edirik. 2020-ci ildə Bakı Mühəndislik Universiteti ilə İnha Universiteti arasında ikili diplom proqramına start vermişik".
"Ümid edirəm ki, Koreya ilə Azərbaycan arasında əlaqələr bundan sonra da genişlənərək inkişaf edəcək", - nazir müavini əlavə edib.
Daha sonra Koreya Respublikasının iqtisadi yüksəlişini və iki ölkə arasında hərtərəfli əlaqələri əks etdirən videoçarx nümayiş olunub.
Yeri gəlmişkən, foyedə təşkil olunan stentdə Koreya şirkətlərinin istehsal etdiyi milli ərzaq məhsullarının nümanələri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
P.S. Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərdən məhz Koreya Respublikasının Səfirliyi öz Milli Günündə Azərbaycan şəhidlərinin ruhunu bir dəqiqəlik sükutla yad edib. Koreya Respublikası Səfirliyinin bu addımı azərbaycanlı olaraq hər birimizi təsirləndirib. Koreya Respublikası Səfirliyinin şəhidlərimizin timsalında Azərbaycan dövlətinə və xalqına göstərmiş olduğu bu çox böyük hörmət və ehtiramı heç vaxt unutmayacağıq.